İyun ayında Bakıda koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərdən sonra ənənəvi formatda kənd təsərrüfatı və qida sənayesi sahəsində beynəlxalq sərgilər keçiriləcək. Bu barədə tədbirlərin təşkilatçısı «Caspian Event Organisers» MMC məlumat verib.
10-12 iyun tarixlərində "Bakı Ekspo Mərkəzi"ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan 2021” keçiriləcək.
“Hər iki tədbir koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərdən fasilədən sonra ilk sərgilərdir. Təmsil olunan sənaye sahələrinin peşəkarları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün iki illik fasilədən sonra ilk dəfə yenidən bir araya gələcəklər”, - təşkilatçıların məlumatında qeyd olunur.
Məlumata görə, sərgilər zamanı bütün antokovid qaydalarına və offlayn tədbirlərin təhülkəsiz keçirilməsi məqsədilə bütün tövsiyyələrə riayət olunacaq.
Sərgilərdə dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.
Sərgilərdə Əfqanistan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək. **
X.Nəsirzadə