SOCAR 2021-ci ilin yanvar-may aylarında Bakı-Novorossiysk neft kəməri ilə 413,66 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-may aylarında Azərbaycandan Novorossiysk limanına 413,66 min ton, mayda isə 159,89 min ton neft nəql olunub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixrac həcmi 14 dəfə artıb.
Daha əvvəl SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirmişdi ki, 2021-ci ilin II rübündə Bakı-Novorossiysk kəməri ilə 330 min tona yaxın neftin ixrac edilməsi planlaşdırılır.
Yanvar ayının sonunda SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb.
Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, SOCAR 2020-ci ildə Bakı-Novorossiysk kəməri ilə 613,29 min ton neft ixrac edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.*
N.Abbasova