Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında Belarusdan $8,1 milyon dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib. Bunu Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko deyib.
“Azərbaycan bizim strateji tərəfdaşımızdır. 2020-ci ildə ölkələrimiz arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsi $35 milyona çatıb və 2019-cu illə müqayisədə 5,3% artıb. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana idxalın dəyəri $8,1 milyon (106%) təşkil edib. Bu ölkədə bizim ət və süd məhsullarımıza tələbat var”, - deyə Krupko jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Belarusdan qənnadı məmulatları idxal edir, eləcə də tərəvəz və bostan bitkiləri, meyvə və giləmeyvə ixrac edir.
Bundan başqa, belaruslu nazir əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
“Biz həmkarlarımızla daha hansı təmas nöqtələrini tapa biləcəyimizi müzakirə etdik. Damazlıq heyvandarlığın inkişafı, ferma və aqroşəhərciklərin tikintisi qarşılıqlı fəaliyyətin perspektivli istiqamətləridir”, - deyə Krupko qeyd edib.*
X.Nəsirzadə