İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilir.
“Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.
Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.
Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib. Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.*
B.Rüstəmbəyov