Rəsmi Paris Bakı ilə ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir və Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə töhfə verməyə hazırdır. Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Makron 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktub bu gün Azərbaycan liderinin saytında dərc olunub.
“İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək”, - deyə o bildirib.
Makron Cənubi Qafqazda davamlı sülhə şərait yaratmaq üçün dərin işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm”, - deyə təbrikdə qeyd olunur.
O əmin edib ki, Paris Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və Azərbaycanla Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər.*
X.Nəsirzadə