Böyük Britaniyanın bp şirkətinin Zəngilan-Cəbrayıl zonasında günəş elektrik stansiyasının tikintisinə sərmayələri $200 milyon həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, cümə axşamı Energetika Nazirliyi və bp Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
“Bu, işğaldan azad olunduqdan sonra Qarabağ regionuna ilk iri xarici sərmayələr olacaq. Biz bunu digər əcnəbi sərmayəçilər üçün müsbət siqnal hesab edirik. 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi illik 500 milyon 113,7 milyonkilovat/saat enerji istehsal etməyə və 100 min ailəni elektrik enerjisi ilə təmin etməyə imkan yaradacaq”, - nazirlikdən bəyan ediblər.
Məlumat verilib ki, Zəngilan-Cəbrayıl zonası günəş enerjisinin inkişafı üçün yaxşı potensiala malikdir, çünki bu ərazi günəş radiasiyasının səviyyəsinə görə Azərbaycanın Naxçıvan Muxtar Respublikasından sonra ikinci yerdədir.
Xəbər verildiyi kimi, bp ilə İcra müqaviləsi Qarabağda “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyi, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
Öncə Energetika Nazirliyi və bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.
3 may 2021-ci il yarixində prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Energetika Nazirliyinin ilkin qiymətləndirmələrinə əsasən, bu ərazilərin günəş enerjisi üzrə potensialı 4 min MVt-dan çox, külən enerjisi üzrə potensialı – 500 MVt təşkil edir. **
N.Abbasova