İki Azərbaycan jurnalisti Qarabağ regionunun Kəlbəcər rayonunda minaya düşərək həlak olub. Bu barədə AzTV dövlət telekanalının nümayəndəsi Nigar Etibar məlumat verib.
“Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “AzərTAC” informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar”, - Etibar Facebook səhifəsində yazıb.
O vurğulayıb ki, insident nəticəsində AzTV-nin rejissoru Emil Məmmədov, jurnalistlərin olduğu avtobusun sürücüsü, həmçinin kənd sakini yaralanıb.
Xəbər verildiyi kimi, minalanmış sahələr azad olunmuş ərazilərdə əsas problemlərdən biridir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağın işğalı dövründə Ermənistan tərəfi bu əraziləri minalayıb və müharibə bitdikdən sonra İrəvan indiyədək mina xəritələrini Bakıya təqdim etməyib.
Öncə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda mina partlaması nəticəsində Azərbaycanın 22 mülki vətəndaşı və hərbi qulluqçu həlak olub, 100-dən artıq şəxs xəsarət alıb. **
X.Nəsirzadə