Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Qarabağ regionunun Kəlnəcər rayonunda ikisi jurnalist olmaqlq 3 nəfərin minaya düşərək həlak olması faktı ilə bağlı cinayət işi başlanılıb.
“4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac" xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub”, - Prokurorluqdan bildirilir.
İnsident nəticəsində digər 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
“Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb”, - məlumatda deyilir.
Beləliklə, 2020-ci il noyabrın 10-dan etibarən Qarabağda mina partlaması nəticəsində Azərbaycanın 25 mülki vətəndaşı və hərbi qulluqçu həlak olub, 100-dən artıq şəxs xəsarət alıb. **
X.Nəsirzadə