İyunun 7-dən Azərbaycan vətəndaşları COVİD-19 yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya üçün “Pfizer” vaksinin tətbiq edə biləcəklər.
“İyun ayının 7-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş "Pfizer” vaksinindən də istifadə edə biləcəklər. Bu vətəndaşlarımızın seçim imkanlarını daha da artırır. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında başlanacaq”, - Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.
Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
"Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca” və “Sputnik V” peyvəndlərindən istifadə edilir.
İyunun 3-nə olan məlumata görə, 1 milyon 497,993 min nəfər birinci, 920,089 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub. Əhalinin 9,08%-i tam vaksinasiya olunub. **
N.Abbasova