Azərbaycanlı investor Nizami Piriyev Arxanqelsk vilayətində metanol və törəmələri üzrə kompleks inşa etmək niyyətindədir. Bu barədə Arxanqelsk vilayəti İqtisadi İnkişaf, Sənaye və Elm Nazrliyindən məlumat verilir.
“Layihənin büdcəsi – 63 milyard rubl təşkil edir. Bu, investorun şəxsi vəsaiti və cəlb olunan kreditlərdir. Oxşar layihə investor tərəfindən Bakıda da reallaşdırılıb”, - “İnterfaks-Azərbaycan” nazirliyin məlumatına istinadən bildirib.
Piriyev və Arxanqelsk vilayəti hökumətinin sədri – iqtisadi inkişaf, sənaye və elm naziri Viktor İkonnikov arasında bu layihə müzakirə olunub.
Zavod istifadəyə verildikdən ilk 10 il ərzində regional və yerli büdcələrə 15 milyard rubldan artıq vəsaitin daxil olacağı nəzərdə tutulur.
Piriyev “Azərbaycan Metanol Şirkəti” MMC-nin (AzMeCo) Direktorlar Şurasına rəhbərlik edir. MMC Azərbaycan, Rusiya, Niderland, Özbəkistan, Əfqanıstan, Türkiyə, Ukraynada neft-qaz və neft-kimya aktivləri, həmçinin bir sıra pərakəndə biznesləri özündə biləşdirən PNN şirkətlər qrupuna daxildir.
2013-cü ilin sonunda “AzMeCo” şirkəti Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodunu istifadəyə verib. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb. Hazırda zavod “SOCAR Methanol” adlanır. 2002-ci ildə “SOCAR Methanol” 476,6 min ton metanol istehsal edib, bu da 2019-cu ilin göstəricisindən 24,4% çoxdur. **