Rusiyanın aparıcı radiostansiyalarından biri olan “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov iki azərbaycanlı jurnalistin Kəlbəcər rayonunda minaya düşərək faciəli şəkildə həlak olması ilə əlaqədar başsağlığı verib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, Venediktov bu gün “Budem nablyudat” verilişinin birbaşa efirində deyib: “Dünən iki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb. Qarabağda minalanmış ərazilər çoxdur. İki həmkarımız - Sirac Abışov və Məhərrəm İbrahimov prosesləri işıqlandırmaq üçün nəqliyyat vasitəsində gedərkən minaya düşərək həlak olublar. Onların ailələrinə və kollektivlərinə başsağlığı verirəm”.
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin –AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanıb.*
Xəbərlər şöbəsi