2020-ci il dekabrın 31-dən TAP kəməri ilə Avropaya ixrac olunan Azərbaycan qazının həcmi 2,3 milyard kubmetr təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“2020-ci ilin dekabr ayında TAP ilə qaz nəqlinə başlanandan may ayının sonuna olan vəziyyətə görə, Azərbaycandan Avropaya 2,3 milyard kubmetr nəql olunub”, - nazir “Türkiyənin enerjisi - Pandemiyadan sonra enerji sənayesini yenidən düşünmək”devizi altında təşkil olunan tədbirdəçıxışı zamanı bildirib.
Öncə nazir məlumat verib ki, 2021-ci ildə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz ixrac olunacaq.
TAP qaz kəməri ilə Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova