Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun ərazimizə daxil olması cəhdinin qarşısının alınması barədə məlumat yayıb.
“İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib”, - deyə məlumatda bildirilir.
Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
“İlkin araşdırmalara görə, kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir”, - deyə məlumatda qeyd olunur.*
R.Əhmədov