2021-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi ilə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
“2021-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə 4 min 507 vaqonda 280,878 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur. BTQ üzərindən Gürcüstan, Qazaxıstan, Türkmənistan, Çin, Azərbaycan, Özbəkistan, Rusiya, Qırğızıstan və Tacikistana həyata keçirilən ixrac daşımaları da artıb. Hesabat dövründə 1 min 160 vaqonda 64 min 378 ton yük daşınıb”, - deyə Karaismailoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salındığı gündən etibarən 16 min 279 vaqonda 1 milyon 7 min ton yük daşınıb. Bu daşımaların 393 min tonunu ixrac, 614 min tonunu isə idxal daşımaları təşkil edib.
Karaismailoğlu idxal daşımaları içində tranzit daşımaların önəmli yer tutduğunu qeyd edib.
“Hazırda ixrac, idxal və tranzit yüklərin fasiləsiz və ekonomik şəkildə çatdırılmasının təmin edilməsi məqsədilə infrastruktur, texniki və gömrük prosedurları baxımından bütün əngəllərin aradan qaldırılması istiqamətində iş aparılır. Bütövlükdə, BTQ dünya bazarında iri istehsalçılar və istehlakçılar arasında güclü şəbəkənin qurulmasına kömək edib”, - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, BTQ və Orta Koridor Asiya-Avropa xəttindəki ticarətin dəstəklənməsi üçün ən əlverişli marşrutlar olaraq qalır. COVID-19 pandemiyası şəraitində dəmir yolu ticarətin davamlılığını təmin etməyə imkan verən ən prioritet nəqliyyat növlərindən birinə çevrilib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.*
N.Abbasova