Azərbaycan şirkətləri vergi siyasətində bəzi qeyri-müəyyənliklərdən narahatdırlar, bu amili biznes strukturlarının rəhbərləri qeyd edirlər. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında “PwC Azerbaijan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən vergi islahatlarına baxmayaraq, vergi yükü bəndi bir neçə ildir şirkət rəhbərlərinin qeyd etdiyi əsas risklərdən biri olaraq qalır.
“Hazırda Azərbaycanın vergi sistemi transformasiya prosesindədir. Həm sistemin rəqəmsallaşdırılması, həm də digər istiqamətlər üzrə böyük işlər görülür. Onun hansı nəticələr verəcəyi və nə dərəcədə uğurlu olacağı barədə danışmaq hələ tezdir, lakin müəyyən irəliləyişlər var, qeyri-neft sektoru üçün müəyyən güzəştlər tətbiq edilib, yoxlamaların aparılması prosesi təkmilləşdirilir”, - deyə Paşayev bildirib.
Şirkətin idarəedici tərəfdaşı qeyd edib ki, vergi qanunvericiliyindəki dəyişikliklərlə əlaqədar biznes müəyyən qeyri-müəyyənlikdə qalır.
“Bununla əlaqədar vergi orqanlarına bizneslə kommunikasiya məsələsinə diqqəti cəmləşdirməyi məsləhət görərdim. Əgər biz islahatlar aparırıqsa, biznes də başa düşməlidir ki, necə, nə qədər və hansı vergini ödəməlidir. İndi çoxlu sayda dəyişikliklər (vergi qanunvericiliyində) səbəbindən bizneslə kommunikasiyanı yaxşılaşdırmaq lazımdır”, - deyə Paşayev əlavə edib.
“PWC-Azerbaijan” şirkətinin iri şirkətlərin rəhbərləri arasında keçirdiyi 4-cü illik sorğuya əsasən, respondentlərin 38%-i artan vergi öhdəliklərinin biznes üçün əsas risklərdən biri olduğunu bildirib.*
Ə.Məmmədov