2020-ci ildə dövlət obyektləri və torpaqlarının icarəyə verilməsindən Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 milyon 300,3 min manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 10% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 10 milyon 300,3 min manat məbləğində vəsait (plan 8 milyon manat təşkil edib) daxil olub. Bu, 2019-cu ilin göstəricisindən 10% azdır və 2020-ci il üçün proqnoz göstəricisindən 28,8% çoxdur”, - Palatadan bildirilir.
Xüsusilə dövlət müəssisələrinin daşınmaz əmlakının icarəsindən daxilolmalar 103,7 min manat (azalma 9,9%, plan – 130 min manat), kommersiya müəssisələrinin daşınmaz əmlakının icarəsindən 1 milyon 698,6 min manat (azalma 34,8%, plan – 1,7 milyon manat), özəlləşdirilən dövlət obyektlərinin torpaqlarının icarəsindən 8 milyon 498 min manat (azalma 2,5%, plan – 6 milyon 170 min manat) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə bu maddə üzrə dövlət büdcəsinə daxilolmalar 11 milyon 440,3 min manat təşkil edib.**
Ə.Məmmədov