Azərbaycan tərəfinin erməni hərbçini qaytarması sərhəddə vəziyyətin gərginliyinin azalması üçün müsbət təməl yaradır. Bu barədə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
“İyunun 8-də yolunu azaraq düşmən tərəfinə keçən əsgərimiz bu gün Ermənistana qaytarılıb. Bu faktı çox müsbət qiymətləndirirəm. Bu, regional və sərhədyanı vəziyyətin gərginliyinin azalmasına doğru addım üçün təməl yaradır”, - o, çərşənbə günü Ermənistanın Şırak vilayətinin Azatan icmasının sakinləri ilə görüş zamanı bildirib.
Öncə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyanın qarşı tərəfə geri təhvil verilməsi barədə məlumat yayıb.
“Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən edilib”, - nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib. **