“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2023-cü ilədək gübrə terminalının tikintisini planlaşdırır. Bunu QSC-nin baş direktoru Taleh Ziyadov iyunun 9-da Caspian Policy Center tərəfindən təşkil edilən 5-ci İllik Transxəzər Forumunun “Transxəzər Bağlantı və İnfrastruktur İnkişaf” adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
“Bakı Limanı ərazisində gübrə terminalının tikintisinə başlanılacaq və 2022-ci ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Bu investisya qərarının verilməsinə səbəb Orta Asiya ölkələrində mövcud olan böyük həcmdə gübrə potensialının mütəmadi olaraq məhz Azərbaycan üzərindən qərb ölkələrinə daşınmasını təmin etməkdən ibarətdir”, - deyə o bildirib.
Ziyadovun sözlərinə görə, Orta Asiyada - Türkmənistan, Özbəkistan, Qazaxıstan kimi təbii ehtiyatlarla zəngin ölkələrdə karbamid, kükürd və s. gübrələrin illik istehsal gücü 6,6 milyon tondan çoxdur.
“2018-2020-ci illər aralığında Orta Asiyadan, xüsusilə də Türkmənistandan Bakı Limanı vasitəsi ilə daşınan gübrə məhsulunun həcmi 48 339 tondan 630 000 tona qədər artıb ki, bu da 13 dəfədən çox artım deməkdir. Bakı Limanının yeni gübrə terminalı ildə 2.5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq”, – deyə baş direktor əlavə edib.
O deyib ki, limanın növbəti on ildə qarşısında duran əsas vəzifə həm yaşıl, həm də rəqəmsal bir tədarük zənciri yaratmaqdır. “Düşünürəm ki, bu, Amerika biznesinin də böyük rol oynaya biləcəyi sahələrdən biridir”, - deyə Ziyadov bildirib.
Baş direktor qeyd edib ki, hazırda Bakı Limanının yükaşırma imkanı 100 000 TEU konteyner olmaqla, illik 15 milyon tondur.
“Ehtiyac yarandığı təqdirdə limanın ikinci fazasının inşası ilə bu göstərici 500 000 TEU konteyner olmaqla illik 25 milyon tona çatdırılacaq. 2020-ci ildə Bakı Limanında 4,8 milyon tondan çox yük aşırılıb ki, bu da 2019-cu illə müqayisədə 20%-lik artım deməkdir. Bu ilin birinci rübündə isə ümumi yükaşırma göstəricisi 1,4 milyon tondan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17%-lik artım deməkdir”, - deyə o qeyd edib.
Hazırda limanda 4 terminal (Ələtdə 3, Dübəndidə 1 neft terminalı) fəaliyyət göstərir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı, eləcə də quru yük terminalı fəaliyyət göstərir.*
N.Abbasova