2021-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 0,8% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Son 12 ay ərzində ilk dəfə ÜDM-in illik artımı qeydə alınıb.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7% azalıb, qeyri neft-qaz sektorunda isə 4,5% artıb.
2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 41,2%-i sənaye, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i tikinti, 4,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 150,6 manata bərabər olub.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.*
Ə.Məmmədov