Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərini “Azərbaycanpərəst mövqe” tutmaqda günahlandırıb.
“2018-ci ildə biz hakimiyyətə gələndən sonra Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini dalana dirənmiş vəziyyətdə miras almışıq. Problem bundadır ki, ATƏT-in Minsk qrupunun vasitəçiləri (Rusiya, Fransa, ABŞ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi ilə eyni mövqe bildiriblər. Lakin qeyd etmək lazımdır ki, bu mövqe 2018-ci ildə deyil, daha əvvəl formalaşıb”, - deyə Paşinyan bu gün Spitak şəhərində seçkiqabağı təşviqat çərçivəsində bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin yanvarında vasitəçilər Ermənistana Dağlıq Qarabağın aralıq statusu ideyasından imtina etmək şərtini irəli sürüblər.
“Məsələ belə qoyulmuşdu – “status müqabilində ərazilər”, “sülh müqabilində ərazilər” formulları olub, 2016-cı ildən 2018-ci ilədək isə “heç nə müqabilində ərazilər” formulu formalaşdırılıb. Biz 2018-ci ildə danışıqlar prosesini məhz bu formulla miras almışıq. Vasitəçilər və beynəlxalq birlik qarşımıza əraziləri qaytarmaq tapşırığını qoymuşdu”, - deyə Paşinyan qeyd edib.
O, bütün bunlarda Ermənistanın əvvəlki hakimiyyətini, o cümlədən eks-prezidentlər Robert Köçəryanı və Serj Sarqsyanı ittiham edib.
“Lakin biz bu proqramın reallığa çevrilməməsi üçün üç il ərzində mübarizə apardıq”, - deyə Paşinyan vurğulayıb.*