2021-ci ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 4 milyard 907 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% az vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,1%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 7,9% azalıb.
Yanvar-may aylarında istifadə olunmuş vəsaitin 3 milyard 392,2 milyon manatı və ya 69,1%-i məhsul istehsalı sahələrinə, 1 milyard 143,2 milyon manatı (23,3%-i) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 946,2 milyon manatını (39,7%) xarici, 2 milyard 960,8 milyon manatını və ya 60,3%-ni isə daxili vəsaitlər təşkil edib.
2020-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 8,3% azalıb.*
B.Rüstəmbəyov