2021-ci ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 586 min barel (apreldə 594 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barel olub. Bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib. Azərbaycan may ayında neft hasilatını 2018-ci ilin oktyabr göstəricisindən 132 min barel azaldıb”, - deyə məlumatda bildirilir.
OPEC+ ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə ortagünlük xam neft hasilatının cari ilin may ayında 603 min barel səviyyəsində saxlanılması müəyyənləşmişdi. Beləliklə, Azərbaycan may ayında OPEC+ razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 102,9% yerinə yetirib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb.
“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılacaq.*
N.Abbasova