OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatı üzrə proqnozu 790 min barelə qədər artırıb. Bu barədə kartelin may hesabatında deyilir.
Aprel ayında OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatını 760 min barel səviyyəsində proqnozlaşdırmışdı.
“2020-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,06 milyon barel – 0,73 milyon barelə qədər azalıb. “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından kondensat hasilatının artması hesabına 2021-ci ildə bu göstəricinin 0,06 milyon barel artacağı gözlənilir”, - deyə hesabatda qeyd edilir.
Kartelin məlumatına görə, OPEC+ sövdələşməsində nəzərə alınmayan “Şahdəniz” və Azərbaycanın digər qaz-kondensat yataqlarından kondensat hasilatı 2021-ci ilin may ayında gündəlik 0,18 milyon barel səviyyəsində qalacaq.
“Aprel ayında Azərbaycanda maye karbohidrogenlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,01 milyon barel - 0,77 milyon barelə qədər artıb. May ayında daha 0,01 milyon barel artım gözlənilir. Belə olan halda 2021-ci ilin II rübündə Azərbaycandan maye karbohidrogenlərin tədarükü əvvəlki rüblə müqayisədə 0,01 milyon barel - 0,78 milyon barelədək artacaq”, - deyə hesabatda bildirilir.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb.
“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılacaq.*
N.Abbasova