Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar paylaşım edib.
“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”, - Əliyeva rəsmi İnstagram səhifəzində yazıb.
Xəbər verildiyi kimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr uzunsürən ağır xəstəlikdən sonra iyunun 10-da 69 yaşında vəfat edib.
Aleksandr Azərbaycana təyin olunana qədər 20 ilə yaxın Qafqazda xidmət etmişdir.
1992-ci ildən arximandrit Aleksandr (İşein) Azərbaycanda müxtəlif pravoslav məbədlərin baş keşişi olub. 1998-ci ilin sonunda Müqəddəs Sinodun qərarı ilə Bakı və Xəzəryanı Yeparxiya bərpa edilib. O zaman onun sərhədləri Azərbaycanı, Dağıstanı və Çeçenistanı əhatə edirdi. Arximandrit Aleksandr İşein isə yepiskop təyin edilib.
2011-ci ilin mart ayında Bakı və Xəzəryanı Yeparxiyanın adı dəyişdirilərək Bakı və Azərbaycan Yeparxiyası adlandırılıb, müvafiq olaraq yepiskop Aleksandrın titulu da dəyişib və bir il sonra Patriarx Kirill tərəfindən ona arxiyepiskop rütbəsi verilib.**
R.Əhmədov