Azərbaycan Xarici İşlər Nazirliyi Ağdam rayonu üzrə mina xəritələri müqabilində 15 nəfəri Ermənistan tərəfinə təhvil verildiyi barədə məlumat verir.
“Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib”, - məlumatda qeyd olunur.
Nazirlik bu məsələdə Gürcüstan hökumətinin, ABŞ dövlət katibi, Avropa İttifaqı Şurasının prezidenti və ATƏT-in İsveç sədrliyinin rolunu qeyd edib.
“Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - məlumatda deyilir.
Həmçinin, XİN-dən vurğulanıb ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükədən xilas edəcək. **
X.Nəsirzadə