Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan 15 nəfər erməninin qaytarılması barədə məlumatı təsdiq edib.
“Mənim yaxşı xəbərim var. 15 nəfər əsirimiz Ermənistana qayıdır. Onlar indi yoldadırlar”, - Paşinyan Ermənistanın Qeqarkunik vilayətində seçkiöncəsi mitinqdə bildirib.
O məlumat verib ki, basdırılan minaların xəritələrini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəsilə Azərbaycana təqdim edib. “Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistana səfəri zamanı mən onun vasitəsilə mina xəritələrini Azərbaycana təqdim etdim”, - Paşinyan deyib.
Bundan başqa, o bəyan edib ki, 15 nəfərin qaytarılması ABŞ-ın səyləri ilə mümkün olub.
“Mən İrəvanda ABŞ-ın Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşdüm. O bildirdi ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin tapşırığına əsasən üzərinə missiya qoyulub - əsirlərin qaytarılması prosesində dönüş nöqtəsini təmin etmək. O qeyd etdi ki, əgər biz bu cür əməkdaşlığa hazırıqsa, o zaman prosesə daxil olmağa hazırdılar. Mən cavab verdim ki, biz hazırıq. Və bu gün səylər, o cümlədən Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avropa Şurasının tərəfdaşları, ABŞ sayəsində 15 nəfəri Ermənistana qaytarmaq mümkün oldu”, - Paşinyan qeyd edib.
Eyni zamanda o bildirib ki, Ermənistan əsirlərin müqabilində xəritələri verməyib, “addıma addım ilə cavab verib”.
“Söhbət Azərbaycan Silahlı Qüvvələrinin cəbhəsində olan minalanmış ərazilərdən gedir. Həmin ərazilər məlum səbəblərdən artıq bizi ayırmır”, - Paşinyan deyib. **