Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəuyan edib ki, Azərbaycanın 15 nəfər ermənini Ermənistana təhvil verməsi məsələsi üzərində Tbilisi bir neçə ay ərzində ABŞ ilə birgə çalışıb.
“Bu, nə bugünkü, nə də dünənki məsələdir, son iki-üç ay ərzində əsas strateji tərəfdaşımız ABŞ ilə fəal şəkildə birgə çalışmışıq ki, bu cür nəticə əldə olunsun”, - Zalkaliani şənbə günü jurnalistlərə bildirib.
O, həmçinin əldə olunan nəticəyə görə Azərbaycana və Ermənistana minnətdarlığını bildirib və qeyd edib ki “bu ölkələr regionda davamlı sülh və sabitliyin bərqərar olmasına yönələn qarşılıqlı addımların atılmasının zərurilyini yaxşı anlayıblar”.
“Düşünürəm ki, bu, gələcəkdə nəticələrini mütləq görəcəyimiz mühüm addımlardan biridir. Biz buna hazırıq və strateji tərəfdaşımız ABŞ ilə bu prosesi inkişaf etdirəcəyik”, - nazir qeyd edib.
Onun rəyinə görə, bu halda Gürcüstan ABŞ-ın iştirakı ilə özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib.
Zalkalianinin sözlərinə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili 24 saat fasiləsiz rejimdə ABŞ ilə birlikdə Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparıb.
O cümlədən, nazir məlumat verib ki, Ermənistanın azadlığa buraxılan vətəndaşlarının təhvil verilməsi Gürcüstan ərazisindən keçməklə həyata keçirilib.
“Vacib odur ki, Ermənistan tərəfi müvafiq sənədləri (mina xəritələri - İF), təhlükəsizliyə aid məlumatı, gələcəkdə minatəmizləmə üzrə işlərin həyata keçirilməsi ilə bağlı materialları Azərbaycana təqdim etdi”, - Zalkaliani yekun vurub. **