2021-ci ilin I rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $627,7 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $643,6 milyon təşkil edib. Beləliklə, cari ilin I rübündə profisit 2,5% azalıb.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda ÜDM $11,1 milyard təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 5,7%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, cari ilin I rübündə neft-qaz sektoru üzrə profisit $1,9 milyard (azalma 19,9%), qeyri-neft sektoru üzrə kəsir $1,3 milyard (azalma 26,1%) təşkil edib.
2021-ci ilin yanvar-mart aylarında bir barel neftin orta qiyməti $52 (bir il əvvəl $58) təşkil edib.
2021-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi $6,1 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $1,5 milyard (azalma 21%) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 12,7%-i MDB, 87,3%-i uzaq xarici ölkələrin payına düşüb.
$3,8 milyard həcmində ixracın (azalma 13,9%) strukturunda neft-qaz ixracı $3,4 milyard (azalma 16,5%), bilavasitə neft və neft məhsullarının ixrac həcmi $2,7 milyard, o cümlədən neft ixracı $2,6 milyard təşkil edib.
$2,3 milyard həcmində idxalın (azalma 11,5%) strukturunda $1,1 milyard istehlak mallarının, o cümlədən $401,7 milyon ərzaq mallarının payına düşüb. Yanvar-mart aylarında ölkəyə $0,2 milyard dəyərində (bütün idxalın 8,6%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
AMB 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini bir barel neftin orta qiyməti $40 olmaqla $104,8 milyon və ya ÜDM-nin 0,2%-i səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2019-cu ildə qeydə alınmış $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı $227,6 milyon və ya ÜDM-nin 0,5%-ni təşkil edib.
Kəsir neftin ucuzlaşması (2020-ci ildə bir barel neftin orta qiyməti bir il əvvələ olan $64-a qarşı $41 təşkil edib) və OPEC+ çərçivəsində ixracın həcminin azalması ilə şərtlənib.*
A.Əzizov