2021-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,4 milyard təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,2 milyard təşkil edib. Beləliklə, 2021-ci ilin I rübündə birbaşa xarici investisiyaların həcmi 16,7% artıb.
I rübdə birbaşa xarici investisiyaların 89,2%-i (2020-ci ilin yanvar-mart aylarında 80%-i) neft-qaz sektorunun payına düşüb.
Bu dövrdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $151,5 milyon (azalma 36,1%), xüsusi çəkisi 10,8% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycan şirkətləri xaricdə $106,2 milyon (azalma 3,2 dəfə), o cümlədən neft-qaz sektoruna $3,1 milyon (bir il əvvəl $199 milyon), digər sektorlara $103,1 milyon (azalma 25,1%) məbləğində birbaşa investisiya yatırıb.
2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2019-cu illə müqayisədə 6% artaraq $4 milyard 527,7 milyon təşkil edib.*
A.Əzizov