AŞPA-nın Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri üzrə məruzəçisi Pol Qavan 15 erməninin sərbəst buraxılması müqabilində Ağdam rayonu üzrə minaların əks olunduğu xəritənin Azərbaycana verilməsini alqışlayıb. Bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.
“Ötən il altı həftə davam edən müharibənin humanitar nəticələrini azaltmaq üçün addımlar atılması son dərəcə vacibdir. Hər iki tərəfin müxtəlif beynəlxalq aktyorların köməyi və dəstəyilə müharibənin iki ən vacib humanitar nəticəsinin aradan qaldırılması istiqamətində birgə işləməsini alqışlayırıq”, - deyə o bildirib.
P.Qavan 2021-ci ilin mayında Ermənistana səfər edib. O, yaxın vaxtlarda Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri barədə hesabatını tamamlamaq üçün Azərbaycana səfər etməyi planlaşdırır.*
R.Əhmədov