Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də yeni tikilən 110/35/10 kilovoltluq “Füzuli” yarımstansiyasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Füzuli rayonunda səfərdə olan İ.Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə də tanış olub.
Dövlət başçısı 2020-ci il noyabrın 17-də “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ($29,4 milyon) ayrılıb.
Zəfər yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürür və 20 yaşayış məntəqəsindən, o cümlədən Füzuli şəhəri, Xocavənd rayonunun Tuğ və Böyük Tağlar kəndləri, Xocalı rayonunun Sığnaq kəndi və Şuşa rayonunun Daşaltı kəndindən keçir. Bu yolla paralel olaraq 6 zolaqlı (ilk 48 km) Füzuli-Şuşa avtomobil yolu inşa edilir. Yolun ümumi uzunluğu 84,6 km, eni 29,5 və 21,5 metr təşkil edir. Zəfər yolu bu trasla 8 yerdə kəsişəcək. Zəfər yolunun 2021-ci ilin sentyabr ayında istismara verilməsi planlaşdırılır.* B.Rüstəmbəyov