2021-ci ilin yanvar-may aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 7 milyard 66,5 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 48,3%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 14 milyard 625 milyon kubmetr qaz (artım 8,9%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
N.Abbasova