2021-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 11 milyon 124,8 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-may aylarında BTC ilə 11 milyon 124,8 min ton neft nəql olunub ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 75,6%-ni təşkil edir”, - deyə məlumatda bildirilir.
Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 1 milyon 523,3 min ton (azalma 14,9%) təşkil edib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova