“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi Sumqayıt DOST Mərkəzinin tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanması işlərinə “Zenon” MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə 160 min manat dəyərində müqavilə bağlanıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun verdiyi məlumata görə, 2021-2022-ci illərdə Quba, Bərdə, Gəncə, Sumqayıt və Sabirabadda DOST mərkəzlərinin açılışı gözlənilir.
Daha əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, 2021-ci ildə Azərbaycanda 4 DOST mərkəzinin açılması planlaşdırılır.
2025-ci ilədək ölkədə 31 DOST mərkəzinin yaradılması planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
X.Nəsirzadə