Azərbaycan Banklar Assosiasiyasının və Dövlət Vergi Xidmətinin (DVX) aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş təşkil edilib.
DVX-nin məlumatında deyilir ki, görüşdə kredit təşkilatlarının fəaliyyətində bazar qiymətlərinin tətbiqi, qiymətli kağızlar bazarının inkişafı, bank hesablarının açılması və hesablara sərəncamların qoyulması ilə bağlı vergi qanunvericiliyinin tələbləri, ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi, Dövlət Vergi Xidməti ilə banklar arasında onlayn bankinq və elektron qaimə-fakturaların inteqrasiyası ilə bağlı API sisteminin tətbiq edilməsi kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bankların balansa götürülmüş əmlaklarının satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar qanun layihəsinə göstərilən dəstəyə görə DVX nümayəndələrinə təşəkkürünü bildirib və bunun indiki halda banklar üçün əhəmiyyətli bir məsələ olduğunu qeyd edib.
“Görüşdə, həmçinin bank sektorunun inkişafını təşviq edə biləcək təkliflər ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov