Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qarabağda sülhdən təkcə Azərbaycan və Ermənistan deyil, bütün dünya qazanclı çıxacaq.
“Qarabağın azad edilməsi ötən 30 ildə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətdir. Qarabağda sülhdən təkcə Azərbaycan və Ermənistan deyil, bütövlükdə, bütün dünya qazanaclı çıxacaq”, - deyə Ərdoğan bu gün Azərbaycan parlamentində çıxışı zamanı bildirib.
O, Azərbaycan xalqını Qarabağın işğaldan azad edilməsi münasibətilə təbrik edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə Qarabağın bərpasında Azərbaycana dəstək göstərəcək. “Hazırda dağıldılmış bütün kənd və obyektlərin bərpası üzrə işlər aparılır. Biz yeni Qarabağ inşa edəcəyik. O, əvvəllər Azərbaycan mədəniyyətinin mərkəzi idi və inşallah, belə olacaq”, - deyə o əlavə edib.
Türkiyə lideri Qarabağda mədəniyyətlə vandallıq arasındakı fərqi görmək istəyənlərə Füzuliyə səfər etməyi məsləhət görüb. “Gəlsinlər, Füzulini görsünlər. Hər şey məhv edilib. Qarabağı görsünlər, hər şeyi bombalayıblar. Təkcə bu fakt bu torpağın kimin vətəni olduğunu göstərir. Ermənilər Qarabağı dağıtdılar, çünki o, onların vətəni deyildi. Qarabağ yenidən inşa ediləcək”, - deyə Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Qarabağda dağıdılmış infrastruktur: yollar, enerji təchizatı sürətlə bərpa olunur.*
N.Abbasova, X.Nəsirzadə