Azərbaycan hökuməti iyunun 21-dən vətəndaşlarının respublika ərazisinə giriş-çıxışına icazə verilən ölkələrin siyahısını genişləndirib.
Operativ Qərargahın məlumatına görə, iyunun 21-dən hava nəqliyyatı vasitəsilə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı və Qətər Krallığı ölkələrinin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə veriləcək.
Qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasına səfər etməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:
- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;
- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.
Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.
Yumşalma Azərbaycanda həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində epidemioloji vəziyyətin yaxşılaşması sayəsində mümkün olub.
“Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır”, - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl Türkiyə və Rusiya vətəndaşlarının səfərlərinə icazə verilmişdi.*
B.Rüstəmbəyov