2021-ci ilin yanvar-may aylarında Azərbaycan 153 min 172,83 ton polimer məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar-may aylarında $143 milyon 70,21 min dəyərində 153 min 172,83 ton plastik kütlə və ondan hazırlanan məmulatlar ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 47,8%, dəyər ifadəsində 1,9 dəfə artıb. Hesabat dövründə ixracın ümumi həcmində bu məhsulun payı 1,93%, qeyri-neft ixracının strukturunda 15,76% təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-may aylarında plastik kütlə və ondan hazırlanan məmulatların ümumi ixrac həcmində 53 min 351,2 ton ($61 milyon 427,78 min) ilkin formada polietilenin, 35 min 179,6 ton ($44 milyon 213,01 min) ilkin formada polipropilenin, 9 min 366,3 ton ($14 milyon 593,35 min) ilkin formada propilen sopolimerlərinin payına düşüb.
Azərbaycanda polipropilen 2018-ci ilin iyul ayında işə salınmış “SOCAR Polymer” zavodunda istehsal edilir. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
2019-cu ilin fevral ayında şirkət layihə gücü ildə 120 min ton hazır məhsul olan yüksək sıxlıqlı polietilen istehsalı zavodunu işə salıb.
“SOCAR Polymer” şirkətinin zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu zavodların fəaliyyətindən şirkətin $6,6 milyard məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 milyard təşkil edəcək. Zavodların istismar dövrü ərzində dövlət büdcəsinə ayırmalar $600 milyon məbləğində olacaq.
Azərbaycanda, həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda illik 60 min tondan çox yüksək təzyiqli polietilen istehsal olunur.*
N.Abbasova