2021-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 77 milyon 207,8 min ton yük daşınıb ki, bu da 2020-ci ilin 5 ayının göstəricisindən 4,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daşımaların azalması koronavirus pandemiyası və onun yayılmasının qarşısının alınması məqsədilə məhdudiyyətlərin saxlanılması ilə əlaqədardır.
Yük daşımalarının strukturunda 77,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 22,8% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin 5 ayı ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% azalıb.
Hesabat dövründə dəmir yolu ilə 6 milyon 119 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% çoxdur.
Dəniz nəqliyyatı ilə 2 milyon 399,8 min ton (azalma 5,2%), avtomobil nəqliyyatı ilə 43 milyon 258,2 min ton (azalma 8,3%), hava nəqliyyatı ilə 182,5 min ton (artım 28,8%) müxtəlif yük daşınıb. Yanvar-may aylarında daxili neft kəmərləri vasitəsilə 14 milyon 718,3 min ton neft (azalma 5,9%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov