“AzerGold” QSC layihə-smeta sənədlərinin hazırlanmasına 272 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “AzerGold” “Creat Company” MMC ilə 271,99 min manat məbləğində müqavilə bağlayıb.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova