2021-ci ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 13 milyon 623 min ton təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 14,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yükdaşımaların azalması koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərlə izah olunur.
Hesabat dövründə dəhliz çərçivəsində 4 milyon 435,3 min ton yük və ya bütün yükdaşımaların 32,5%-i dəmir yolu nəqliyyatı (artım 3,5% - İF), 7 milyon 581,4 min ton yük və ya 55,7% avtomobil nəqliyyatı (azalma 23,1%), 1 milyon 606,3 min ton yük və ya 11,8% dəniz nəqliyyatının (azalma 6,6%) payına düşüb.
Yanvar-aprel aylarında dəhlizlə daşınmış tranzit yüklərin payı bu istiqamətdə yükdaşımaların ümumi həcminin 23,7%-ni və ya 3 milyon 229,2 min ton (artım 9,4%) təşkil edib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova