Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ikitərəfli əməkdaşlıq məsələlərini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlərin görüşü Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Nazir Qordan Grliç Radman Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. Həmçinin nazir Azərbaycan və Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.
“Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə