Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 6.25% səviyyəsində saxlayıb. Bu barədə bankın məlumatında deyilir.
Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.
Bu qərar 18 iyun 2021-ci ildən qüvvəyə minib.
AMB cari ildə uçot dərəcəsi məsələsinə həsr olunmuş 4 iclas keçirib və hər dəfə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, gözlənilən inflyasiyanın hədəflə müqayisəsi və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.
“İnflyasiya artsa da, hədəf dəhlizində qalmaqdadır. İllik inflyasiya tempi hədəf çərçivəsində (4±2%) qalıb”, - deyə məlumatda bildirilir.
12 aylıq inflyasiya 4.9% təşkil edir. Orta illik baza inflyasiya 2021-ci ilin yanvar-may aylarında 2.6% təşkil edib.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il iyul ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.*
A.Əzizov