Azərbaycanın strateji valyuta ehtiyatları 2021-ci ilin əvvəlindən 2.8% artaraq $52,3 milyard səviyyəsinə yüksəlib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Ehtiyatların artımı neft bazarında müsbət tendensiyalarla şərtlənib. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə $64-ı, iyun ayının əvvəlindən isə son 2 ilin maksimumuna çataraq $70-ı üstələyib.
“2021-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 5.6%-i səviyyəsində profisit formalaşıb. Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.8% ($1,5 milyard) artaraq $52.3 milyard səviyyəsinə yüksəlib”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2021-ci illərdə də davam edir.*
A.Əzizov