2021-ci ilin yanvar-may aylarında Azərbaycanda bank sistemi üzrə kredit portfeli 3.8% artıb. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın (AMB) məlumatında deyilir.
“Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir. 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artıb”, - deyə məlumatda bildirilir.
Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artıb. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da, pandemiyadan öncəki səviyyəni bərpa etməyib.
“Dollarlaşmanın azalması davam edir. Fiziki şəxslərin əmanətlərinin strukturunda manatla depozitlər 2015-ci ilin fevralından bəri ilk dəfə 50%-i üstələyib. 5 ayda əhalinin müddətli manat əmanətləri 16.1% artıb”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov