“Ermənistanın təqdim etdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin doğruluğu barədə fikir söyləmək hələ tezdir. Bunu Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov deyib.
“Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”, - deyə o bildirib.
A.Eyvazov əlavə edib ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək.*
Ə.Məmmədov