Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ümidvar olduğunu bildirib ki, Ermənistandakı seçkilərdən sonra yeni rəhbərlik əvvəlki səhvlərindən nəticə çıxaracaq.
“Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra yeni rəhbərlik bölgədəki sülh və sabitliyə yeganə yolunun qonşularla yaxşı münasibətdən keçdiyini anlayacaq. Ermənistan qonşularına qarşı ərazi iddiaları irəli sürməkdən əl çəkməli, onlarla yaxşı münasibət qurmalıdır. Çünki Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra həm Bakı, həm də Ankara bölgədə sülh və sabitliyi təmin etmək üçün addımlar atmağa hazırdır”, - deyə o, bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına həsr olunmuş mətbuat konfransında ifadə edib.
Çavuşoğlu qeyd edib ki, ikitərəfli münasibətlərin qurulması çoxlu sayda regional layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Nazir vurğulayıb ki, bu, ilk növbədə, Ermənistan üçün faydalıdır. “Ermənistan uzun illər yürütdüyü yanlış siyasət nəticəsində özünü təcrid edib. O, öz günahı ucbatından inkişafda Cənubi Qafqaz ölkələrindən geri qalıb. İrəvan düşmənçilik əhval-ruhiyyəsindən əl çəkməli və region ölkələri ilə mehriban qonşuluq münasibətlərinin qurulması üçün nə edilə biləcəyi üzərində düşünməlidir”, - deyə “Anadolu” agentliyi Çavuşoğluna istinadən bildirib.
XİN başçısı vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər müstəsna xarakter daşıyır və Şuşa Bəyannaməsi imzalandıqdan sonra müttəfiqlik səviyyəsinə yüksəlib.
“Sənədin Şuşada imzalanması xüsusi məna daşıyır. Liderlər Türkiyənin Şuşada Baş konsulluğunun açılması ilə bağlı qərar qəbul ediblər. Türkiyə XİN ən qısa zamanda bütün hazırlıqları başa çatdıracaq və diplomatları Şuşaya göndərəcək. Şuşada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanacaq”, - deyə Çavuşoğlu qeyd edib.*
A.Əzizov