Azərbaycan və Pakistan dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması barədə razılıq əldə ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Bazar ertəsi Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi zamanı dağ təlimi mərkəzlərinin birgə istifadəsi və dağ-təlim heyətinin hazırlanması, həmçinin birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub”, - məlumatda qeyd edilir.
MN-dən bildirilir ki, Bacva azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu bir daha diqqətə çatdırıb. General həmçinin iki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensialın olduğunu bildirib.
“Sonda tərəflər hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyini əsas gətirərək bu sahədə səylərin daha da artırılmasının zəruriliyini qeyd edib, hərbi qulluqçuların təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıb”, - nazirlikdən bildirilir. **
B.Rüstəmbəyov