2021-ci ilin III rübündə Bakı-Novorossiysk boru kəməri ilə 255 min ton Azərbaycan neftinin ixracı planlaşdırılır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, bu, qeyd olunan dövr üçün ixrac cədvəlində öz əksini tapıb.
“Cədvələ əsasən, Azərbaycan II rüb üçün Novorossiysk istiqamətində 330 min ton həcmində plan göstəricisinə qarşı iyul-sentyabr aylarında 255 min ton neft nəql edəcək”, - deyə sənəddə qeyd olunur.
Yanvar ayının sonunda SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb. SOCAR 2021-ci ilin yanvar-may aylarında Bakı-Novorossiysk neft kəməri ilə 413,66 min ton neft ixrac edib.
Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, SOCAR 2020-ci ildə Bakı-Novorossiysk kəməri ilə 613,29 min ton neft ixrac edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.*
N.Abbasova