Azərbaycanın maliyyə sektorunun üçüncü qiymətləndirilməsi 2-3 ay ərzində başa çatacaq. Bunu Dünya Bankının (DB) Bakı ofisinin rəhbəri Sara Maykl bildirib.
“Maliyyə sektorunun qiymətləndirilməsinə 2020-ci ilin sonunda başlanılıb. Qiymətləndirmə DB və Beynəlxalq Valyuta Fondu tərəfindən həyata keçirilir və yaxın 2-3 ay ərzində başa çatacaq”, - deyə Maykl “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq jurnalistlərə bildirib.
Qiymətləndirmənin nəticələri Azərbaycan hökumətinə təqdim olunacaq.
Xəbər verildiyi kimi, 2020-ci ilin iyun ayında Azərbaycan hökuməti DB və BVF-yə ölkənin maliyyə sektorunun (FSAP) yeni, üçüncü qiymətləndirilməsini həyata keçirməyi təklif edib. Hökumətdə vurğulayıblar ki, sonuncu qiymətləndirmədən beş il keçib və Azərbaycanın maliyyə sektorunda əhəmiyyətli dəyişikliklər baş verib.
BVF və DB tətəfindən Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirilməsi 2003-cü ildə, ikinci qiymətləndirilməsi 2015-ci ildə həyata keçirilib.*
A.Əzizov